Hərbi, Siyasi və İqtisadi Dəyərləndirmə| Ermənistanla Hindistan arasında Su-30MKI əməkdaşlığı yalnız qəza sayını artıracaq

2019/01/40-92-1548931177.jpg
Oxunub: 4741     19:23     30 Oktyabr 2024    
Ermənistan 2024-cü il müdafiə büdcəsini 2020-ci ilə nisbətən 80 faizdən çox artırıb və Qarabağ müharibəsinin ikinci mərhələsində yaşadığı silah, texnika itkilərini kompensasiya etmək üçün çalışır. Bu səbəbdən Ermənistan inventarındakı silahları yeniləməyə, sursat tədarük etməyə və vaxtında logistik dəstək verəcək tərəfdaşlar tapmağa çalışır.

Bu məsələdə son vaxtlar Hindistan daha çox önə çıxır. Yeni Dehli İrəvanın ən çox silah aldığı istiqamətə çevrilib. Artıq Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Məhz bu çərçivədə, ötən gün yayılan məlumata görə, Ermənistan hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin müasir tələblərə uyğunlaşdırılması üçün Hindistana müraciət edib. “The Print” elektron nəşri öz mənbələrinə istinad edərək bildirirdi ki, rəsmi İrəvan Hindistan hökumətindən özünün malik olduğu “Su-30” hərbi təyyarələri, o cümlədən “hava-yer” tipli raketlərin təkmilləşdirilməsini də istəyib.

Məlumatın “sızdırılması”ndan sonra Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan çıxış etməyə məcbur oldu. O qeyd edib ki, Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ətrafında danışıqlar aparır. O, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə etdiyini də təsdiqləyib.


“Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib: “Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”. Məlumdur ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir.

“Indian Defence Research Wing” nəşri isə qeyd edib ki, bu, mövcud dörd “Su-30SM” qırıcısından ibarət parkın Hindistan “Super-30” konfiqurasiyasına təkmilləşdirilməsini nəzərdə tutur: “Bu təkmilləşdirmə “Astra Mk1” “hava-hava” raketi, “RudraM” “hava-yer” raketləri, “Uttam” AESA radarı və Hindistan uçuş kompüteri də daxil olmaqla, qabaqcıl Hindistan silah və texnologiyalarının inteqrasiyasını nəzərdə tutur. Orijinal rus PESA radarının “Uttam” radarı ilə əvəz edilməsi erməni “Su-30SM”nin aşkarlama və hədəf alma imkanlarını xeyli yaxşılaşdıracaq. İkinci potensial əməkdaşlıq sahəsi Ermənistanın Hindistandan birbaşa “Su-30MKI” qırıcılarını almasını nəzərdə tutur. Bu qırıcılar üçün mümkün razılaşma eyni “Super-30” konfiqurasiyasını əhatə edə bilər. Bu inkişaf Hindistanın müdafiə texnologiyasına inamın artması demək olacaq və Hindistanla Ermənistan arasında gələcək müdafiə əməkdaşlığı üçün imkanlar açacaq. Modernləşdirmə proqramının uğuru və mümkün yeni alışlar Hindistan və Ermənistan arasında danışıqlardan asılı olacaq. Danışıqlar tamamlanarsa, iki ölkə arasında bu əməkdaşlıq gələcək müdafiə sazişləri üçün presedent ola bilər”.

Lakin burada yeni sual yaranır: niyə məhz bu məqamda Hindistanla aviasiya əməkdaşlığına dair məlumat “sızdırıldı” və ya rəsmi açıqlama verildi?


Görünür, Bakıda keçirilən ADEX yubiley tədbiri zamanı, sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni gətirilən JF-17C “Blok III” təyyarəsinin kokpitindən gülümsəməsi rəqibi olduqca ciddi silkələyib. Ertəsi gün Pakistan ordusu Azərbaycana tək mühərrikli, çoxməqsədli döyüş təyyarələrinin satışı ilə bağlı müqavilənin imzalandığını bildirdi. AESA radarlarına sahib bu müasir döyüş təyyarələrinin təhvil alınması Azərbaycanın indiyə qədər sadəcə 10-dan bir qədər artıq “MiQ-29” və 40-dan az səs sürətindən aşağı sürətə malik “Su-25 Frogfoot” hücum təyyarəsindən ibarət təvazökar HHQ-si üçün bir sıçrayış deməkdir və bu, Ermənistanı narahat etməyə bilməzdi.

Doğrudur, bu xəbər yayılmamışdan öncə, Hindistan mediasında Ermənistanın İrəvanın sahib olduğu yeganə döyüş təyyarəsi olan cəmi 4 Rusiya istehsalı “Su-30SM” təyyarəsindən ibarət kiçik parkını təkmilləşdirmək üçün Yeni Dehlidən kömək istəməsinə dair söz-söhbətlər gəzirdi. Lisenziya əsasında “Su-30MKI” variantını istehsal edən Hindistan bu sahədə əvvəllər qeyd olunan səbəblərə görə 4 “Flanker”ini təkmilləşdirməkdə Ermənistana kömək etmək üçün ən uyğun ölkə kimi nəzərdən keçirilir. Amma məsələyə keyfiyyət baxımından yanaşılsa, bu halda böyük bir uçurumu müşahidə edəcəyik.

Məlumatlara görə, Ermənistan radar sisteminin modernləşdirilməsini, radioelektron mübarizə sistemlərinin təkmilləşdirilməsini və yeni nəsil “hava-yer”, “hava-hava” raket inteqrasiyasını nəzərdən keçirir. Artıq Hindistanla “Su-30” və “Astra” raketləri ilə bağlı danışıqlar başlayıb, lakin Ermənistanın əvvəlki silah tədarüklərini nəzərə alsaq, qarşılıqlı razılaşma qaçılmaz görünür. Lakin bu cür təkmilləşdirmələr Ermənistanın iki mühərrikli və manevr qabiliyyətinə malik “Flanker”lərinə Azərbaycanın parlaq yeni JF-17 “Blok III” modellərinin üzərində texnoloji üstünlüyünü qoruyub saxlamağa kömək edə bilməyəcək.


Habelə bir şey dəqiqdir: Ermənistan ciddi silahlanma mərhələsinə qədəm qoyub və revanş arzusundadır. Şübhəsiz ki, Hindistan 2019-cu ildə gələn, lakin 2020-ci ildə Azərbaycanla Qarabağ müharibəsinin ikinci mərhələsində və ya sonrakı toqquşmalarda heç vaxt istifadə olunmayan “Su-30”larından maksimum istifadə etməkdə Ermənistana kömək edə bilər. Yeni Dehli hətta Ermənistana əlavə “Su-30”lar da təklif edə bilər.

Təsadüfi deyil ki, Ermənistan bu yaxınlarda Hindistanda ixrac üçün “Su-30”ların birgə istehsalı ilə bağlı Rusiya ilə danışıqlara başlayıb. Manevr qabiliyyəti ilə məşhur olan Rusiya təyyarəsi Hindistan istehsalı olan sistemlər və silahlarla birləşdikdə, potensial alıcılara (çoxsaylı qəzalar barədə məlumatlar verilmədən) cəlbedici döyüş təyyarəsi kimi təqdim ediləcək. Hesabatda qeyd edilib: “Birgə istehsal olunan “Su-30” qırıcı təyyarəsi üçün potensial müştərilərin uzun siyahısı olsa da, belə bir razılaşmanın hər iki ölkə üçün təsiri son dərəcə əhəmiyyətli olaraq qalır”.

Məlumdur ki, İrəvan 12 ədəd “Su-30” sifariş etsə də, yalnız 4-nü təhvil alıb. Ukraynada müharibədə olduğu və hazırkı Ermənistan hökuməti ilə münasibətlər pis olduğu üçün Rusiyanın qalan 8 döyüş təyyarəsini təhvil verməsi və ya Ermənistanın bu mərhələdə Moskvadan bunları istəməsi belə mümkün deyil. Əvəzində, Hindistandan “Su-30”ların alınması bir sıra səbəblərə görə İrəvan üçün hərbi deyil, əsasən siyasi baxımdan qazanc kimi nəzərdən keçirilir.


Ermənistan Baş naziri Nikol Paşinyan başda olmaqla, rəsmilər müdafiə sahəsində kifayət qədər dəstək verə bilməyən Rusiyadan artıq asılı qalmaq istəmədiklərini, müdafiə sahəsində əməkdaşlığı və xarici siyasət istiqamətlərini şaxələndirməyə çalışdıqlarını dəfələrlə təkrarlayıblar. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 18-də verdiyi bəyanatda qeyd edib ki, Rusiyadan əvvəllər 96 faizə çatan hərbi asılılıq bu günlərdə 10 faizə düşüb. Bu hədəfə uyğun olaraq Ermənistan əvvəlcə nisbətən ucuz və sərfəli silah istehsal edən Hindistana üz tutdu.

Həmçinin Hindistan “Flanker”ləri Ermənistan üçün Fransanın geniş şəkildə ixrac etdiyi “Dassault Rafale” kimi Qərb qırıcılarından daha ucuz variant kimi nəzərdən keçirilir. Bu, həmçinin İrəvana Rusiyadan qabaqcıl rus texnikası aldığına görə CAATSA qanunu çərçivəsində ABŞ sanksiyalarına məruz qalmamaq imkanı verəcək.

Hərbi baxımdan dəyərləndirmə aparsaq görərik ki, Hindistanda 272 ədəddən ibarət Su-30MKI-dan ibarət nəhəng park var və bu model Ermənistanın arsenalında olan “Su-30” variantından fərqlidir. Hindistan 20 il ərzində bu qədər sayda qırıcıları istismar etməklə yanaşı, onlar üçün qeyri-rus silahları da alıb və hazırlayıb. Hindistanın Su-30MKI-sını bütün dünyada istifadə olunan “Flanker”lərdən fərqləndirən isə onun özündən müxtəlif silahların, ötürücülərin və özlərinin dediyi kimi, “bütün dünyadan avionikanın birləşməsini” təqdim etməsidir. Lakin bu hal belə kifayət qədər uğurlu hesab oluna bilməz. Təlim uçuşları zamanı çoxsaylı qəzaların baş verməsi təkmilləşdirilmələrin hansı səviyyədə aparılmasından xəbər verir. Buna görə də, avadanlıqların bir hissəsini artıq istismar müddətini başa vurmuş və ya lazımi əsaslı təmirdən keçməmiş olaraq dəyərləndirmək mümkündür.

Digər tərəfdən artıq biz Hindistanın “uğurlu” olaraq dəyərləndirdiyi və Ermənistana satılan sistemlərin hansı vəziyyətə düşməsindən xəbərdarıq. Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan bu barədə yayılan məlumatları sadəcə təsdiqləyib: “Hindistandan gətirilən silah bir ildir ki, Ermənistandadır, lakin nasaz vəziyyətdədir. Mənim əlimdə yazılı məlumat var ki, Hindistan silahlarını bir ildir Ermənistanda təmir edə və texniki xidmət göstərə bilmirlər. Hindistandan alınan top mərmilərinin çapı fərqlidir, Ermənistanda isə çoxlu sayda fərqli çaplı artilleriya mərmiləri var, bu halda Hindistan mərmiləri yarasız hala düşür”.


Deməli, Hindistandan alınan silahlar keyfiyyətsiz olmaqla yanaşı, Ermənistan ordusunda onları idarə etmək üçün təcrübə və lazımi bacarıq yoxdur.

Öz növbəsində “life.ru” nəşri Hindistanın Ermənistana silah satma motivlərini və çatdırılan silahların keyfiyyət xüsusiyyətlərini ətraflı təhlil edib. Xüsusilə, Ermənistanın Hindistandan aldığı silahların rus silahlarından 2-3 dəfə baha olduğu, ona əlavə edilmiş “ədəbiyyat”ın ermənicə tərcüməsi üçün cəmi 2-3 milyon pul ödənildiyi qeyd edilir. Bundan əlavə, biz Rusiya silahları ilə o qədər də müqayisə olunmayan “NATO çapları” ilə qarşılaşırıq, bunlar isə hələ də Ermənistan Silahlı Qüvvələrinin arsenalının əsas hissəsidir.

Sayt yazır ki, Ermənistana verilən Hindistan silahlarının keyfiyyəti ilə bağlı çoxlu böyük suallar var və ekspertlər yumşaq desək, sınaq nəticələrindən razı deyillər. Yəni Hindistandan silah alınması ciddi peşəkar rəyə əsaslanmayan, sırf siyasi tələ idi. Dünya silah bazarında yeni “oyunçu” olan Hindistanın isə kim olmasından asılı olmayaraq alıcılara ehtiyacı var.

İkincisi, Ermənistanın silahlanması Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Azərbaycanın tərəfini tutan və müxtəlif məlumatlara görə, müharibə zamanı silahdan tutmuş hərbi mütəxəssislərə qədər müəyyən qədər hərbi dəstək göstərən Pakistana “cavab”dır. Həmçinin Hindistandan Azərbaycanı əmin ediblər ki, «ничего личного, это просто бизнес».


Bu baxımdan, daha bir vacib sual ortaya çıxır: Hindistan silahları Ermənistan Silahlı Qüvvələrinə nə dərəcədə inteqrasiya oluna, ordunun döyüş qabiliyyətini artıra bilər, yoxsa bütün bunlar Ermənistan iqtisadiyyatı üçün həddindən artıq maliyyə yükü deməkdir? Həmin silahların Ermənistana çatdırılması da bahadır. Yeganə tranzit istiqaməti İrandır, Hindistan yükləri dəniz yolu ilə Çabahar limanına çatır və oradan uzun yol kəsilərək, quru yolu ilə Ermənistana daşınır.

Hindistan silahları Qərb oxşarlarından ucuz olsa da, Ermənistanın on illərdir aldığı Rusiya silahlarından bahadır. Bundan əlavə, nəzərdə tutulan raketlərin qiyməti bahadır və Ermənistanın hazırkı hakimiyyəti bu barədə bir söz demir.

Paşinyan hökuməti Hindistan, Fransa və digər Qərb silahlarının idxalını böyük diplomatik uğur kimi təqdim edir, lakin indiyədək heç bir iqtisadi hesablama təqdim edilməyib. Yalnız bu hesablamalardan sonra daha ciddi müzakirələr aparmaq mümkün olacaq. O vaxta qədər şübhələr qalacaq və dərinləşəcək. Habelə hərbi, siyasi və iqtisadi baxımdan təhlillərimiz onu göstərir ki, bu tədarüklər həyata keçirilsə belə, Ermənistan ordusunun döyüş hazırlığı yüksəlməyəcək, çünki mənəvi-psixoloji durumun yüksəldilməsi texnologiya və ya bahalı tədarüklərdən asılı ola bilməz…

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Su-30MKI  


Bizi "telegram"da izləyin